"Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək
namaz
(günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl.
Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin
bir çox insan tərəfindən) müşahidə olunur."
Qurani-Kərim, sura 17, ayə 78
Müasir dövrdə insanlar günün vaxtlarını saatların köməyilə
müəyyənləşdirirlər. Bu səbəbdən, özünü müasir dünyanın bir parçası hesab
edən hər bir müsəlman icması namaz vaxtlarını şər'i qaydalara müvafiq
olraq saatlarla, dəqiqələrlərlə əvvəlcədən müəyyənləşdirib icma üzvlərinə
təqdim etməlidir.
Namaz vaxtlarını 1)təcrübi üsulla - bir il ərzində vaxtaşırı subh çağının,
gecənin, Gün çıxma, batma, günorta, ikiqat və ya birqat kölgə uzunluğu
vaxtlarını qeyd etməklə və yaxud, 2)nəzəri, astronomiya formulalarının
köməyilə təyin etmək olar.
Namaz vaxtlarının, eləcə də Hicri-Qəməri təqviminin astronomik elmi
üsullarla təyini üçün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) son illərdə müasir
dövrün tələblərinə cavab verə bilən bir proje həyata keçirir. QMİ-nin
təşəbbüsüylə astronomi metodla şər'i qaydalara müvafiq hesablama aparan
namaz vaxtları proqramı hazırlanıb www.qafqazislam.com və NAMAZVAXTI.info saytında qoyulmuşdur. Bu sayt Azərbaycanın bütün bölgələrin iri şəhərləri
üçün istənilən tarix üçün namaz vaxtlarını, qiblə saatlarını təqdim edir.
Hesablanmış vaxtların məziyyətləri yüksək keyfiyyətli rəqəmsal fotokamera
vasitəsilə alatoranlıq vaxtlarında çəkilişlər aparmaqla öyrənilir. Bu
çəkilişlər28 may 2006-cı il və 27 sentyabr 2006-cı il tarixdə Pirquluda,
Günəşin çıxmasını 2 saat əvvəldən izləməklə aparılmışdır.
Yer planetinin Günəş ətrafında hərəkət orbiti elliptik olduğundan və
bu orbit müstəvisi Yer ekvatoruna müəyyən qədər meyilləndiyindən sübh,
axşam, Günəşin çıxma, batma, günorta vaxtları il boyu dəyişilir. Bu dəyişkənlik
ilin mövsümündən başqa həm də Yer üzərindəki coğrafi koordinatlara görə
dəyişir. Qütblərə yaxınlaşdıqca bu dəyişmələr güclənir və qütblərdə yarım
ilədək davam edən qütb gecələri və gündüzlərinə çevrilir.
Şəkil 1. Namaz vaxtlarının gün və il ərzində paylanması
Azərbaycan üçün namaz vaxtlarının il boy dəyişməsini yuxarıdakı
şəkildən görmək olar. (Martın və oktyabrın sonundakı kəskin 1 saatlıq
sıçrayış yay vaxtı keçidiylə bağlıdır.)
Namaz vaxtlarının ildən ilə dəyişməsi 4 illik (visokos) periodikliyə
malikdir və cüzidir.
İslam dini yarandığı Ərəbistan yarımadasının əsasən buludsuz hava şəraitinə,
həm də ekvatora yaxınlığına görə namaz vaxtlarının gözəyarı təyini heç
bir problem yaratmırdı. Amma sonrakı illərdə islam şimal ölkələrinə yayıldqca
namaz vaxtlarının təyini ilə əlaqədar problemlər meydana gəldi.
Bu problemlər Sübh (Fəcr), Xiftən(İşa) namaz vaxtları ilə əlaqədardır.
Bu vaxtlar gecənin müəyyən işıqlıq səviyyəsi məqamlarıdırlar və digər
namaz vaxtları kimi Günəşin gözlə görünən vəziyyəti, yaxud da kölgə
uzunluğu kimi aşkar əlamətlərə malik deyillər. Bu vaxtların başlanğıc
(axşam çağı - tükənmə) çağlarının seçilməsi astronomik hadisə olan alatoranlıqla
bağlıdır.

Şəkil 2. Gün çıxmazdan 1 saat 15 dəqiqə əvvəl.
Günəş hər hansı bir məntəqədə çıxarkən(axşamlar - batarkən) işıqlığın
tədricən dəyişməsi, başqa sözlə, gecə ilə gündüzün arasında alaqaranlıq
(toranqovuşma) adlanan bir keçid fazasının mövcudluğu Yer atmosferində
işığın səpələnməsi səbəbindən baş verir. Günəş çıxmazdan əvvəl (batandandan
sonra) onun şüaları atmosferin yuxarı qatlarını işıqlandırır və bu
şüalar atmosferdəki molekullarda, su buxarı və toz hissəciklərində
səpələnərək alaqaranlıq (toranqovuşma) yaradır.
Bu hadisə Yer kürəsinin kosmosdan çəkilən şəkillərində daha aydın görünür:
dünyanın gecə və gündüz hissələri arasında meridian boyu uzanan, 2000-3000
km-lik enə malik bir sərhəd zolağı mövcuddur.

Şəkil 3. Kosmik aparatdan Yerin görünüşü.
Səhər , axşam alaqaranlıqları astronomik, naviqasiya və mülki araqanlıq
adlanan hissələrə ayırırlar. Mülki alaqaranlıq çağlarında göydə yalnız
parlaq ulduzlar , naviqasiya alaqaranlığında dənizdə üfüq, astronomik
alaqaranlıqda isə gecə görünən zəif ulduzlar da gorünməyə (axşamlar
- qeyb olmağa) başlayırlar. Astronomik alaqaranlığa Günəşin üfüqdən
18o , naviqasiya alaqaranlığına Günəşin üfüqdən 12o,
mülki alaqaranlığa isə Günəşin üfüqdən 7o aşağı vəziyyəti
uyğun gəlir.
Çılpaq gözlə müşahidələr Fəcri - ilkin sübh şəfəqi Sübhi Sadiqi üfüqi işıq xətləri-ştrixləri kimi yuxarda peyda olub üfüqə yayılan işıq kimi təsvir edir. İşa isə son şəfəqin – Əhmarın itmə anı, Təbayyundur.
Sonda İslam Təqvimiylə əlaqədar həm də təzə Ayın ilk görünmə
- Röyət məsələsinə, daha doğrusu, payız aylarında dünyanın şimal yarımkürəsi
ərazilərində təzə Ayın görünə bilməsinin çətinləşməsi məsələsinə aydınlıq
gətirmək yerinə düşər. Bununla əlaqədar ilk olaraq qeyd etmək lazımdır
ki, bu problem yalnız Röyət məsələsilə əlaqədar maraq kəsb etdiyindən,
müasir astronomiya ədəbiyyatında araşdırılmayıb.
Bu hadisə payızda şimal yarımkürəsi ərazilərində üfüq müstəvisinin meylcə
ekliptika müstəvisinə yazdakı vəziyyətə nisbətdə daha yaxın olmasıyla
və Ayın da ekliptikadan (oxu, Günəşdən) altda olması səbəbindən baş verir.
Təzə Ay axşam çağı Günəşdən yetərli dərəcədə (10°-15°) uzaqlaşmasına
baxmayaraq, qürub çağı parlaq olan üfüqə yaxınlıq səbəbindən onun işığında
sezilə bilmir.